Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində dəyirmi masa və sərgi keçiriləcək
Azərbaycan Xalça Muzeyi bu il 50 illiyini qeyd edir. Yarandığı dövrdə dünyada ilk xalça muzeyi olan sənət ocağımız bu gün dünyanın ən zəngin xalça və xalça məmulatları kolleksiyasının toplandığı ölkəmizin ən böyük muzeylərindən biridir.
Azərbaycan Xalça Muzeyinin yaranmasının 50 illiyi çərçivəsində Azərbaycanın görkəmli xalça rəssamı və tədqiqatçısı Lətif Kərimovun anadan olmasının ildönümü, “Xəzinənin yeni inciləri” sərgisi və “Muzeylərdə tekstil kolleksiyaları” adlı dəyirmi masa keçirilir.Burada son iki ildə - yəni muzey kolleksiyalarının toplanması üçün yeni strategiyanın həyata keçirildiyi vaxtdan etibarən, muzeyin fonduna yeni daxil olan ən dəyərli eksponatlar ictimaiyyətə təqdim ediləcək. Sərginin açılışı 16 noyabr saat 18:00-da keçiriləcək və sərgi muzeyin ikinci və üçüncü mərtəbələrində nümayiş olunacaq.
Azərbaycan Xalça Muzeyi son iki il ərzində xalça, milli geyim, zərgərlik, batika və tikmə nümunələri, arxeoloji qazıntılar zamanı tapılan əşyaların daxil olduğu 44 eksponat əldə etmişdir (satın alınmış və ya hədiyyə olaraq qəbul edilmiş).
Sərgidə bu siyahıdan olan 7 dəyərli eksponat təqdim olunub. Onların arasında - incə tərtibatı ilə seçilən zinət əşyaları, nadir milli geyim nümunələri və XVII əsrin sonu - XVIII əsrin əvvəllərində Şirvanda toxunulmuş böyük dəyərə malik "Şamaxı" xalçası da vardır.
"Şamaxı" xalçası hal-hazırda muzeyin xovlu xalça kolleksiyasının ən qədim eksponatlar siyahısındadır. Tarixi və bədii dəyəri ilə yanaşı, "Şamaxı" xalçası Azərbaycan Xalça Muzeyinin tarixində xarici hərracda əldə olunan ilk eksponat olması ilə maraqlıdır. Xalça 2017-ci ildə Avstriya auksion şirkətindən (AUSTRIA AUCTION COMPANY) əldə edilmişdir.
Bu xalça öz texniki xüsusiyyətləri, ornamenti, rəng və digər amilləri ilə unikaldır. Onun sıxlığı - kvadrat desimetr üçün 44 x 46 ilmə. Arğac və əriş ipləri - ipək, xovu yun, ölçüsü -195 x 430 sm. Xalça "Bəndi-Rumi" və "Xanalı" kompozisiyası əsasında toxunmuş, koloriti isə göy, şəkəri, tünd qırmızı, yaşıl, mavi, qəhvəyi, qara və xardal kimi rəng çalarlarından ibarətdir.
Yarpaq, palmetta və "islimi" ornamentlərindən ibarət olan xalçanın kompozisiyası Səfəvilər dövrünün saray xalçalarının ruhunu və Şirvan xalça qrupunun həndəsiləşmiş ornamentlərini əks etdirir.
XVII əsrə aid edilən bu növ xalçalar, bir qayda olaraq, fraqment şəklində zamanımıza qədər gəlib çatmışdır. Dünyada onlardan çox azdır və əsasən böyük muzey və şəxsi kolleksiyalarda saxlanılır. Belə ki, bütünlüklə qorunub saxlanılan bu xalça böyük bir tapıntıdır. O, köhnə sahiblərinin dəyər verdiyini təsdiq edən çoxsaylı bərpa izlərini daşıyır.
Bu xalçanın alınması və vətənə qaytarılması Azərbaycan mədəniyyəti və incəsənəti üçün böyük əhəmiyyət kəsb edir. Uzun illər qürbətdə olan və nəhayət, vətəninə qayıdan bu xalça muzey kolleksiyasının əhəmiyyətli bir hissəsinə çevrilir.
Digər maraqlı bir eksponat toy qabağı keçirilən "xınayaxdı" mərasimində istifadə olunan bir cüt əlçəkdir (Qarabağ, XIX əsr). Onlar məxmərdən tikilib və güləbətin, saçaq, çaxma qızıl piləklərlə (zərənduz) bəzədilmişdir.
Həmçinin, son zamanlarda muzey fondu nadir XIX əsrin milli geyim nümunəsi olan meyzər (toy mərasimi üçün təmtəraqlı önlük), Kəşmir şalından və üzərində sahibinin adı və tarixi tikilən baharı (dizə kimi uzunluğa malik qadın üst geyimi) kimi əşyalar ilə zənginləşib.
Zərgərlik kolleksiyasında da əhəmiyyətli artım müşahidə olunur. Yeni daxil olan eksponatlar içərisində XIX - XX əsrin əvvəllərinə aid ən mühüm nümunələr Bakı və Naxçıvandan iki cüt qızıl sırğa və o cümlədən, Cənubi Azərbaycandan şəbəkə texnikasında işlənmiş qızıl sürmədandır (sürmə üçün çubuq).
Bununla yanaşı, 2017-ci ildə məşhur alim-etnoqraf Həsən Quliyevin şəxsi arxivi ailəsi tərəfindən muzeyə hədiyyə edilmişdir. Bunlar onun müəllifi olduğu Sovet dövrünə aid broşurlar (bunlardan biri 1983-cü ildə Bakıda keçirilən xalça üzrə ilk simpozium üçün nəşr olunmuşdur), biblioqrafik dəyərlər - şəxsi kitabxanasından Qafqaz xalqlarının etnoqrafiyasına dair kitablar, həmçinin qafqazlıların geyimi və həyatını əks etdirən, Rusiya muzeylərində inqilab öncəsi çəkilən fotoşəkillərdən alimin çıxartdığı (əsasən D.İ.Yermakov) fotosurətlərdir. Arxivin əsas dəyəri alimin öz əlyazmaları və ilk növbədə onun Azərbaycanın bölgələrinə səfərlərlə bağlı qeydlərinin apardığı ekspedisiya gündəlikləridir.
Bundan əlavə, sərgi çərçivəsində Azərbaycan Xalça Muzeyinin taleyində böyük rol oynamış şəxsin − bu il 100 illik yubileyi qeyd olunan, muzeyin ilk direktoru Əziz Əliyevin geniş və səmərəli fəaliyyətini əks etdirən arxiv şəkillərinin retrospektivi nümayiş olunacaq.
Həmçinin, Azərbaycan Xalça Muzeyinin yubileyinə həm xarici, həm də ölkəmizin bölgələrindən mütəxəssislər bir araya gələrək "Muzeylərdə tekstil kolleksiyasıyaları" adlı dəyirmi masada iştirak edəcəklər. Onlar mühafizə, sərgiləmə, xalçaların, xalça məmulatlarının, milli geyim və parça nümunələrinin konservasiyası və bərpası kimi məsələləri müzakirə edəcəklər.
Tədbirdə dünyanın tekstil muzeyləri, onların assosiasiyaları və icmaları arasında əlaqələrin qurulması, təcrübə və məlumat mübadiləsi, tekstil kolleksiyaları saxlanılan muzeylərdə elmi konfrans, sərgi, seminar, ustad dərs, festival və digər tədbirlərin keçirilməsi və Tekstil Muzeyləri Şəbəkəsinin (Textile Museums Network) yaradılması müzakirə olunacaq.
"Dəyirmi masa" 16 noyabr tarixində saat 10.30-da muzey ekspozisiyasının üçüncü mərtəbəsində keçiriləcək.