Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə (AMM) çoxsaylı kitab kolleksiyası göndərib.
Mədəniyyət Mərkəzində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı və digər sahələri əhatə edən bu kitabların sərgisi də açılıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirmişdir ki, yaradılacaq Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar Mərkəzində Azərbaycan dilini öyrənmək istəyən tələbələr üçün Azərbaycan dili kursları, habelə ana dilimizi daha dərindən öyrənməsinə dəstək göstərilməsi məqsədi ilə kitabxana və kinozal fəaliyyət göstərəcəkdir. Təşkil olunan sərgiyə marağın böyük olduğunu qeyd edən Samir Abbasov sərgilənən kitablar arasında tariximizə, milli mədəniyyətimizə, Azərbaycan ədəbiyyatına dair olduqca maraqlı nəşrlərin yer aldığını vurğulayıb.
Daha sonra bu kitabların, habelə son beş ildə AMM-nin Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlərin Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan mədəniyyət, təhsil və tədqiqatlar mərkəzinə veriləcəyi bildirilir.
Xatırladırıq ki, hazırda universitetdə açılacaq mərkəzdə son işlər aparılır.