Azərbaycanın sədrliyi ilə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 106-cı sessiyası keçirilir
Məlum olduğu kimi, Çinin Çenqdu şəhərində Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Baş Assambleyası öz işinə başlayıb. Assambleya çərçivəsində təşkilatın İcraiyyə Şurası 106-cı sessiyasını keçirir. Şuraya Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sədrlik edir. İclası açıq elan edən Nazir son bir ildə təşkilat tərəfindən həyata keçirilmiş fəaliyyətin vacib istiqamətlərini diqqətə çatdırdı. Daha sonra BMÜTT-nin baş katibi Taleb Rifai çıxış edərək təşkilatın büdcə vəziyyəti, 2016-2017-ci illər üzrə fəaliyyət proqramı, növbəti illər üçün fəaliyyət istiqamətləri barədə məlumat verdi.
İclas gündəlikdə duran digər vacib məsələlərin müzakirəsi ilə davam edir.
Xatırladırıq ki, tədbirdə Azərbaycan Respublikasını nümayəndə heyətinin rəhbəri, BMÜTT-nin İcraiyyə Şurasının sədri nazir Əbülfəs Qarayev, ölkəmizin İspaniya Krallığındakı səfiri, BMÜTT yanında daimi nümayəndəsi səfir Anar Məhərrəmov, ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı, Turizm Etikası üzrə işçi qrupunun rəhbəri qismində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, turizm şöbəsinin əməkdaşı Cavid Abdullayev və Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir.