Mədəniyyət və Turizm Nazirliyi Bəhreyn arxeoloji irs evinin açılışında təmsil olunmuşdur
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Bəhreyn Krallığına səfər etmişdir.
Səfər çərçivəsində bir sıra işgüzar görüşlər keçirən heyət üzvləri eyni zamanda bir sıra mədəni tədbirlərdə də iştirak etmişdir.
Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Günel Aslanova Bəhreynin mərkəzi küçələrinin birində yerləşən “Bəhreyn Arxeoloji İrs Evi”nin yenidənqurmadan sonra həyata keçirilən təntənəli açılış mərasimində iştirak etmişdir.
Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar Naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə açılış mərasimində çıxış edərək qeyd etmişdir ki, son illərdə Bəhreyndə həm tarixi abidələrin bərpası həm də yeni muzeylərin açılışları olmuşdur. Həmçinin vurğulanmışdır ki, Bəhreynə turist səfərlərinin sayının artması nəticəsində belə obyektlərə maraq artmışdır. Bəhreyn mədəni irsinin beynəlxalq aləmdə tanıdılması baxımından bu cür turizm nümayişi obyektlərinin bərpasının vacibliyi bildirilmişdir.