Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşmüşdür
10 iyul 2017-ci il tarixində Bişkek şəhərində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva Qırğız Respublikasının təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşmüşdür.
Görüşdə G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədənin irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açmış, Fondun üzv ölkəsi olan Qırğızıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd etmişdir. Q.Kudayberdiyeva Fondun fəaliyyətini bütövlükdə Türk dünyasının birliyi naminə töhfə kimi dəyərləndirmiş, gələcək layihələrinə dəstəyini bildirmişdir.
Görüş zamanı əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmış, Qırğızıstandakı universitetlər ilə əməkdaşlığın genişləndirilməsi, eləcə orada təhsil alan Türk dünyası ilə bağlı araşdırmalar aparmış tələbələrə təqaüdlərin ayrılması məsələləri müzakirə edilmişdir.
11 iyul 2017-ci il tarixində G.Əfəndiyeva ilə Qırğızıstan Respublikasının mədəniyyət, informasiya və turizm naziri Tuqelbay Kazakov arasında görüş keçirilmişdir.
G.Əfəndiyeva Fondun məqsədləri və həyata keçirdiyi tədbirləri barədə məlumat vermişdir. T.Kazakov Fondun Türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğ edilməsinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirmişdir. Görüşdə əməkdaşlıq çərçivəsində gələcəkdə mədəni sahədə müxtəlif mövzularla bağlı birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə edilmişdir.