Mərkəzi İncəsənət Məktəbində ulu öndərin 96 illiyi münasibətilə tədbir təşkil olunub
Mayın 10-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar tədbir keçirildi.
Məktəbin nəzəriyyə şöbəsinin müəllimi, musiqişünas Leyla Həsənova tədbiri giriş sözü ilə açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsinə ayırdığı diqqət, bu sahənin inkişafı üçün gördüyü işlərdən bəhs etdi, gənc musiqiçilərə verdiyi dəyərlər haqqında ətraflı məlumat verdi.
Sonra məktəbin istedadlı gənclərinin təqdimatında konsert proqramı təqdim olundu. Konsertdə xor kollektivinin ifasında “Heydər Əliyev haqqında mahnı” (bəstəkar İ.Əliyev), Lalə Bədəlzadənin ifasında “Vətən balladası” (F.Sücəddinov), Lalə Nəsirovanın ifasında “Azad bir quşdum” (Z.Bağırov) əsərləri səsləndirildi, “Səbinə” rəqs kollektivinin “Sarı gəlin” xalq rəqsi təqdim olundu. Məktəbin xanəndə ixtisası üzrə şagirdləri Mənzurə Abdurəhmanova və Rabil Şirəlizadənin çıxışları (R. Mirişli: “Doğma diyar” və B. Nəsirov: “Qarabağ” mahnıları) tədbir iştirakçılarının marağına səbəb oldu. Tədbir zamanı ümummilli lider haqqında foto-slayd və video yazıları nümayiş olundu.
Məktəbin direktoru Əziz Qarayusifli yekun sözü ilə çıxış edərək ulu öndər Heydər Əliyev haqqında fikirlərini səsləndirdi, məktəb şagirdlərini uğurlu ifalarına görə təbrik etdi və onlara uğurlar arzuladı.