Nazir müavini Nazim Səmədov Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri ilə görüşmüşdür
2017-ci ilin 8 avqust tarixində mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Sərdar Çolukov arasında görüş keçirildi.
Qeyd etmək lazımdır ki, Sərdar Çolukovun Azərbaycana səfəri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun başçılığı altında nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutmuşdur.
Görüş zamanı ilk növbədə iki ölkə arasında dostluq əlaqələrin daha da möhkəmləndirilməsi, mədəniyyət və turizm sahələri üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıldı. Ölkəmizdə ilk dəfə səfərdə olan cənab Çolukov öz xoş təəssüratları ilə bölüşdü və səfər çərçivəsində ölkələr arasında turizm üzrə yeni sazişin bağlanmasından məmnuniyyət hissi keçirdiyini bildirdi. O həmçinin, Türkmənistanda keçiriləcək 5-ci Asya Oyunlarına AR Mədəniyyət və Turizm Nazirliyini dəvət etdi.
Nazir müavini Nazim Səmədov öz növbəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun səfərinin ölkələrimiz arasında turizm daxil olmaqla əməkdaşlığın bütün istiqamətləri üzrə müsbət nəticə verəcəyinə inandığını bildirdi. Nazir müavini turizm sahəsində Azərbaycanda son illər ərzində görülən işlər haqqında məlumat verdi. O həmçinin, Türkmənistan və Azərbaycan arasında viza rejiminin qarşılıqlı sadələşdirilməsi, birbaşa loukost uçuşların təşviqi, Xəzər dənizi üzrə kruiz turizminin inkişafı və bərə vasitəsilə turizm axının intensivləşdirilməsi kimi istiqamətlər üzrə əməkdaşlığı davam etdirməyi təklif etdi.
Sonda Nazir müavini Nazim Səmədov Türkmənistan tərəfini 2018-ci ilin 5-7 aprel tarixində Bakıda keçiriləcək 17-ci AİTF Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştirak etməyə dəvət etdi.