2018-ci ilin 10-14 oktyabr tarixlərində Litva Respublikasının Vilnüs şəhərində gənclər arasında növbəti «World Harmony» beynəlxalq müsabiqəsi keçirilmişdir.
Nazirliyin müvafiq əmri ilə təsdiq edilmiş “Uşaq musiqi və incəsənət məktəblərində simli nəfəsli və zərb alətləri üzrə tədrisin inkişaf etdirilməsinə dair Proqram (2016-2020-ci illər)”ın müddəalarına uyğun olaraq xarici ölkələrdə keçirilən müsabiqələrdə istedadlı uşaq və gənclərin
İştiraklarının təmin edilməsi məqsədilə sözügedən müsabiqədə ölkəmizi nazirliyin maliyyə və təşkilatı dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Zakir Allahverdili (hoboy) və Nuray Seyid (violin) təmsil etmişdir.
Müsabiqənin təntənəli açılışı mərasimində Azərbaycan Respublikasının Litva Respublikasindaki səfirliyinin əməkdaşı Samir Musayev çıxış edərək gənclərimizə uğurlar arzulamış və onlara dəstək olduqlarını bildirmişdir.
Müsabiqənin beynəlxalq münsiflər heyətində Əməkdar artist Əziz Qarayusifli və Əməkdar müəllim, Bakı Musiqi Akademiyasının professoru Hökümə Əliyeva da təmsil olunmuşdur.
Azərbaycan, Çin, Gürcüstan, Latviya, Litva respublikasından 46 iştirakçı müsabiqədə fortepiano, vokal, simli və nəfəs alətləri nominasiyalarında mübarizə aparmışdır. Zakir Allahverdili münsiflər heyətinin yekdil qərarı ilə nəfəsli alətlər nominasiyasında Qran Pri mükafatına, Nuray Seyid isə simli alətlər nominasiyasında birinci dərəcəli diploma layiq görülmüş, bundan başqa «World Harmony» müsabiqəsinin təşkilat komitəsi tərəfindən Qran Pri mükafatçısı Z. Allahverdilinin 2019-cu ildə Antalya şəhərində keçiriləcək beynəlxalq musiqi müsabiqəsində iştirakı üçün qrant ayrılmışdır.