“Südthüringen Kurier” qəzetində Azərbaycanın turizm potensialı barədə geniş məqalə dərc edilib
“Südthüringen Kurier” qəzetinin mart ayı üzrə sayında Azərbaycana dair geniş məqalə dərc olunub.
Məqalədə Azərbaycanın çoxəsrlik tarixə, zəngin mədəniyyətə, ənənəvi qonaqpərvərliyə və böyük turizm potensialına malik ölkə olduğu vurğulanıb. Həmçinin Azərbaycanda ötən illər ərzində müasir turizm infrastrukturunun yaradıldığı və turizmin neftdən sonra ölkə iqtisadiyyatının inkişafında xüsusi əhəmiyyəti qeyd olunub.
Azərbaycanın son dövrlərdə “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəylik Oyunları, Formula 1 Avropa Qran Pri yarışı kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi məqalədə öz əksini tapıb. Eyni zamanda, 2017-ci ildən etibarən təşkil olunan Bakı Ticarət Festivalının ticarətlə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənətinin təbliği baxımından da əhəmiyyəti vurğulanıb.
Məqalədə Bakı ilə yanaşı, ölkənin Gəncə, Naxçıvan və Qəbələ kimi regionlarının turizm potensialı, infrastrukturu və imkanları barədə məlumat verilib, ölkənin digər şəhərlərinin də turizm baxımından böyük maraq kəsb etdiyi və 2016-cı ildən etibarən Rusiya, Gürcüstan, İran və Türkiyə ilə bərabər Avropadan da gələn turistlərin sayının hər il artdığı qeyd olunub. Bildirilib ki, ölkəyə səfər edən turistlər vizaları Azərbaycan Respublikasının Almaniyadakı səfirliyi ilə yanaşı, internet üzərindən xüsusi viza portalından əldə edə bilərlər.